“Qarabağ”ın UEFA Avropa Liqasının 6-cı turunda “Vilyarreal”la səfər matçı baş tutmayacaq. Buna səbəb Ağdam təmsilçisinin heyətində koronavirusla bağlı yaranan problemlərdir
"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin son – 6-cı turunda "Vilyarreal"la oyunöncəsi növbəti dəfə koronavirus testindən keçib. Daha iki futbolçunun - Şahruddin Məhəmmədəliyev və Xayme Romeronun testin nəticəsi pozitiv olub. Daha əvvəl isə Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov, Mahir Emreli, Abbas Hüseynov və Kevin Medinada koronavirus aşkarlanıb. Bədavi Hüseynov və Patrik Andrade isə zədə səbəbindən növbəti oyunu buraxmalı olacaq. Son testləri neqativ çıxan Maksim Medvedev və Musa Qurbanlı da həkim məsləhəti ilə tam olaraq məşqləri bərpa etməyib. Beləliklə, UEFA-ya təqdim olunan A və B iştirak ərizəsində yer alan 23 futbolçudan 13-ü "Vilyarreal"la oyunda iştirak edə bilməyəcək. Bu isə o deməkdir ki, İspaniya təmsilçisi ilə dekabrın 10-na planlaşdırılan görüş baş tutmayacaq. Qarşılaşma barədə yekun qərar UEFA tərəfindən veriləcək.